Müasir onkologiyada diaqnostika və müalicə standartları sürətlə yenilənir. Bu yeniliklər xəstələr üçün daha dəqiq diaqnostika, fərdi müalicə strategiyaları və həyat müddətinin uzadılması baxımından imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, onkoloq Altay Əliyev deyib.
Xərçəngin müalicəsində son illərin ən təsirli üsulları barədə danışan onkoloqun sözlərinə görə, xərçəngin idarə olunmasında əsas məsələlərdən biri klinik görünən mərhələ ilə mikroskopik yayılma arasındakı fərqin düzgün qiymətləndirilməsidir. Erkən mərhələdə beşillik sağqalmanın təxminən 80 faiz olması ümidverici görünsə də, real praktikada vəziyyət daha mürəkkəbdir. Araşdırmalar göstərir ki, əməliyyat oluna bilən xəstələrdə belə qan dövranında xərçəng hüceyrələri ola bilər. Bu da erkən görünən xəstəliyin əslində artıq mikroskopik yayılma mərhələsində ola biləcəyini göstərir.
“Məhz buna görə də son illərdə əməliyyatdan əvvəl tətbiq olunan neoadyuvant müalicə daha çox ön plana çıxır. Bu yanaşmanın əsas məqsədi şişin ölçüsünü kiçiltmək, mikrometastazları aradan qaldırmaq və nəticədə əməliyyatın səmərəliliyini artırmaqdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, xəstələr bu müalicəni əksər hallarda əməliyyatdan sonrakı terapiya ilə müqayisədə daha yaxşı tolere edirlər. Beynəlxalq onkoloji protokollar da artıq erkən və orta mərhələlərdən etibarən perioperativ kimyaterapiyanı və multidissiplinar yanaşmanı tövsiyə edir”, – deyə Altay Əliyev vurğulayıb.
Diaqnostika və mərhələləndirmə prosesində hər detalın xüsusi əhəmiyyət daşıdığını deyən A.Əliyev qeyd edib ki, qastroskopiya, kompüter tomoqrafiyası və laparoskopik müayinə düzgün, ardıcıl şəkildə planlaşdırılmalıdır. PET-CT müayinəsi isə bəzi hallarda yanlış mənfi nəticə verə bildiyindən, onun göstəricilərinə kor-koranə güvənmək düzgün yanaşma sayılmır. Ona görə də cərrahlar və onkoloqlar eyni yanaşmanı bölüşməli, qərarlar komanda şəklində qəbul olunmalıdır. Çünki burada söhbət birbaşa xəstənin taleyindən gedir.
“Perioperativ müalicələrin inkişaf tarixinə nəzər saldıqda 2006-cı ildə aparılmış “MAGIC” tədqiqatı bu sahədə dönüş nöqtəsi olub. Həmin araşdırma sağqalımda təxminən 13 faizlik üstünlük göstərsə də, yalnız neoadyuvant müalicənin kifayət etmədiyi ortaya çıxdı. Nəticədə müalicənin həm əməliyyatdan əvvəl, həm də sonra davam etdirilməsi daha doğru yanaşma kimi qəbul edildi. Sonrakı tədqiqatlar bu strategiyanın beşillik sağqalımı artırdığını və neoadyuvant müalicənin əməliyyatdan sonrakı ölüm riskini yüksəltmədiyini sübut etdi. Hazırda isə daha səmərəli hesab edilən “FLOT” protokolundan istifadə olunur. Bu yanaşma şişin tam geriləmə göstəricisini 8 faizdən 20 faizə qədər artıraraq ciddi irəliləyiş təmin edib. Ümumilikdə müasir tədqiqatlar göstərir ki, əməliyyatdan əvvəl kimyaterapiya şişin tam təmizlənmə ehtimalını yüksəldir, bəzi hallarda isə əlavə kimya-şüa terapiyası sağqalım müddətinə əhəmiyyətli təsir göstərir”, – deyə onkoloq əlavə edib.
O, həmçinin diqqətə çatdırıb ki, bununla belə, hər yeni müalicə metodunun və ya dərmanın avtomatik olaraq daha yaxşı nəticə verəcəyini düşünmək doğru deyil. Hər bir qərar xəstənin fərdi xüsusiyyətləri, şişin bioloji davranışı və genetik göstəricilər əsasında verilməlidir. Xüsusilə genetik xüsusiyyətləri fərqli olan xəstələrdə fərdiləşdirilmiş müalicə yanaşmaları ilə çox daha uğurlu nəticələr əldə etmək mümkündür.