Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, Liv BonaDea Hospitalın şöbə müdiri Altay Əliyevin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş layihəsi çərçivəsində videomüsahibəsi yayımlanıb.
Cəmiyyətin sədri bildirib ki, “Konstitusiya və Suverenlik İli”nin noyabr ayı hər bir azərbaycanlıya ürəkləri riqqətə gətirən məğrurluq və iftixar hissələri yaşadır. 5 il bundan öncə 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə həsr olunmuş əlamətdar bayram günləriylə başlayan bu ayda Zəfər Günü ilə bərabər Dövlət Bayrağı Gününü, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünü qeyd edirik. Böyük qürur hissi ilə yaşadığımız bu ay biz onkoloq həkimlər üçün başqa bir səbəblə də yaddaqalandır. Belə ki, noyabr ayı bütün dünyada Ağciyər Xərçəngi Maarifləndirmə Ayı kimi qeyd olunur.
Danılmaz faktdır ki, bu Ali Qanunumuz özünün 39-cu və 41-ci maddələri ilə hər bir ölkə vətəndaşına sağlam ətraf mühitdə yaşamaq, habelə sağlamlığının qorunması hüquqlarını verir.
Altay Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları, Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu və digər rəsmi sənədlər dövlətimizin səhiyyə siyasətinin ən parlaq inikasıdır.
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti ölkəmizin dayanıqlı səhiyyə siyasətini rəhbər tutaraq müasir tibb elminin çağırışları ilə səsləşən araşdırmalar aparır, habelə xərçəng xəstəliyi ilə mübarizə aparan həmvətənlərimizə dəstək olmaq, onkoloji xəstəliklərin müalicəsində həkim və tədqiqatçılarımızın əldə etdikləri nailiyyətləri beynəlxalq akademik platformalarda tanıtmaq, yüksəkixtisaslı gənc kadrların yetişməsinə davamlı töhfələr vermək naminə yorulmaz fəaliyyət göstərir.
Hər bir Azərbaycan vətəndaşını Konstitusiyanın qəbul edilməsinin 30-cu və Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edir, onlara sağlam ətraf mühitdə sağlam həyat yaşamağı arzulayırıq.
Müsahibənin geniş videoyazısını buradan izləyə bilərsiniz