Mədə xərçəngi (mədə adenokarsinoması) mədənin içini örtən vəzili hüceyrələrdən əmələ gələn və bütün mədə xərçənglərinin təxminən 95%-ni təşkil edən xərçəng növüdür.
Mədə xərçənglərinin az bir hissəsi (təxminən 1-3%) irsi sindromlarla əlaqələndirilir. Lakin, bu xəstələrdə risk çox vaxt çox yüksəkdir və bu da diaqnozu olduqca vacib edir.
Mədə xərçənginin müalicəsinə yanaşmanı üç əsas amil müəyyənləşdirir: şişin yeri, mərhələsi və molekulyar profili. Xüsusilə metastatik xəstəlikdə müsbət biomarker artıq hansı dərmanın istifadə olunacağını birbaşa müəyyənləşdirir.
Mədə xərçənginin hazırda dünyada, eləcə də Azərbaycanda ən çox görülən bədxassəli şişlərdən biri olduğu statistik hesablamalarla öz təsdiqini tapmışdır. Ölkəmiz dünyada mədə xərçənginin yüksək yayılma qurşağı (“Gastric Cancer Belt”) kimi tanınan coğrafi bölgədə yerləşir. Qlobal Xərçəng Rəsədxanasının (Global Cancer Observatory) tərəfindən təqdim edilən son statistik məlumatlara görə, Azərbaycanda mədə xərçəngi rastgəlmə tezliyinə görə 3-cü, xərçəngə bağlı ölüm hallarına görə 2-ci yerdə yerdədir.
Mədə xərçənginin yaranma riskini artıran əsas amillər:
* Helicobacter pylori infeksiyası
* Siqaret və digər tütün məhsullarından istifadə
* Duzlu və hisə verilmiş qidaların həddindən artıq qəbulu
* Ailə üzvlərində mədə xərçəngi olması
* Uzunmüddətli mədə xəstəlikləri
* 50 yaşdan yuxarı olmaq
Diqqət edilməli əlamətlər
Mədə xərçəngi erkən mərhələlərdə çox vaxt özünü göstərməyə bilər. Aşağıdakı əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, həkimə müraciət edin:
* Qarın üst hissəsində davamlı ağrı və ya diskomfort
* İştahanın və çəki itkisi
* Tez toxluq hissi və şişkinlik
* Bulantı və qusma
* Nəcisdə qan və ya qara rəngli nəcis
* Ümumi halsızlıq, yorğunluq
* Davamlı həzm problemləri
Vaxtında atılan addım, sağlam gələcəyə aparan yolun başlanğıcıdır.
Ümumiyyətlə, mədə xərçənginin müalicəsində erkən diaqnoz həyati əhəmiyyət kəsb edir.
Öz sağlamlığınız üçün bu addımları atın:
* Mədə narahatlığınız uzun müddət davam edərsə, həkimə müraciət edin.
* Həkimin məsləhət gördüyü hallarda endoskopiya müayinəsindən çəkinməyin.
* Sağlam və balanslı qidalanmağa çalışın.
* Siqaret və tütün məhsullarından uzaq durun.
* Mədə xəstəliklərini vaxtında müalicə etdirin.
* Profilaktik müayinələri gecikdirməyin.
* Erkən aşkar olunan mədə xərçəngi daha uğurlu müalicə oluna bilər.
* Müəyyən risk faktorları daşıyırsınızsa, profilaktik müayinələri mütəmadi etdirin.
Əlamətlərin erkən müəyyən edilməsi həyat qurtarır.